Bakı, 4 iyun, AZƏRTAC
Səhiyyə Nazirliyi tərəfindən “Obsessiv-kompulsiv pozuntuların diaqnostikası və müalicəsi üzrə klinik protokol” təsdiq edilib.
Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) hazırlanmış klinik protokol ilkin səhiyyə sahəsində işləyən sahə həkimləri, ailə həkimləri və həkim-psixiatrlar üçün nəzərdə tutulub.
İSİM-dən AZƏRTAC-a verilən məlumata görə, klinik protokol obsessiv-kompulsiv pozuntuları olan pasiyent qrupunu əhatə edir. Protokol obsessiv-kompulsiv pozuntuların diaqnostika və müalicəsinin təkmilləşdirilməsi, erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi, müəyyən olunmuş psixopatoloji simptomların aradan qaldırılması, bu simptomlarla olan xəstələrin həyat keyfiyyətinin və sosial adaptasiyasının yaxşılaşdırılması üzrə sübutlu təbabətə əsaslanan müasir metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.
Klinik protokol ən etibarlı elmi məlumatlar əsasında tərtib edilib. Protokolun hazırlanmasında Amerika Psixiatriya Assosiasiyası, Kanada Psixiatriya Assosiasiyası və Böyük Britaniyanın Sağlamlıq və Keyfiyyətli Tibbi Yardım Dövlət İnstitutunun tədqiqatlarının nəticələrindən istifadə edilib.
Klinik protokollar hər hansı sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar verməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. İndiyədək ölkəmizdə Səhiyyə Nazirliyi tərəfindən 50-dən çox klinik protokol təsdiq olunub.