Avqustun 15-i qəzaya düşən bloger Nicat Şakirlidə müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diqanozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır: "Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir".
Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Nəticədə Nicat Şakirli xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə və Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.