Bu şəxslər 700-1000 manat cərimə olunacaq

Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə cərimə müəyyənləşib.

Metbuat.az bildirir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Fərmana əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

    "Siyasi partiyalar haqqında" qanunu müəyyən edilmiş hərəkətlər istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin dayandırdığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlarının və üzvlərinin siyasi partiyanın adından çıxış etməsinə və ya fəaliyyət göstərməsinə, toplantılar keçirməsinə, maliyyə əməliyyatlarının aparılmasına, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştiraka görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək.

    Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

    Yuxarıda qeyd olunan xətalara görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə olunacaq.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı