Yay mövsümündə havaların kəskin isti keçməsi, şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-sahman və təmizliyin qorunaraq lazımi səviyyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən avqustun 19-da paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.
BŞİH-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, paytaxtın bütün rayonlarını əhatə edən iməcilikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb. Həmçinin yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağaclara və yaşıllıqlara qulluq göstəriblər. Həmçinin həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq edilib.
Paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.