Bakı, 4 iyun, AZƏRTAC
İyunun 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən may ayında əlavə olaraq 20 min 238 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu ilin əvvəli ilə müqayisədə DSMF-nın fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,59 faiz artıb. Belə ki, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyon 83 min 405 nəfərə çatıb. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizini kişilər, 40,9 faizini isə qadınlar təşkil edir.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaşlı sığortaolunanlar daha çoxdur. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,78 faizini əhatə edir.