Prezident İlham Əliyev Sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, sərəncama əsasən, “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilib.

İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, bu Sərəncamla təsdiq edilən siyahıda nəzərdə tutulan dövlət müəssisələri tərəfindən maliyyələşdirilməklə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunmasını təmin etməli və aparılacaq təhlillər əsasında aşağıdakılar barədə təkliflərini doqquz ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

- dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması;

- dövlət müəssisələrinin qiymətləndirilməsi, onların öhdəlikləri ilə nizamnamə kapitalları arasında optimal nisbət və investisiya ehtiyacları;

- potensial investorların dairəsi;

- müvafiq bazarın rəqabət mühitinin tələbləri nəzərə alınmaqla, liberallaşdırılması və inhisarsızlaşdırılması imkanları;

- dövlət müəssisələrinin dövlət nəzarətində saxlanılmalı olan əsas fəaliyyətini müəyyənləşdirməklə, əsas fəaliyyətə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları;

- bu Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əldə edilmiş maliyyə vəsaitinin istifadə istiqamətlərini müəyyənləşdirərək, həmin dövlət müəssisələrinin təşkilati hüquqi formasının dəyişdirilməsi, özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satışı üsulları, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı