Tanınmış cüdoçumuz peşəkar karyerasını başa vurub

Azərbaycanın tanınmış cüdoçusu Orxan Səfərov karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, bu barədə federasiya məlumat yayıb. Bildirilib ki, çoxsaylı nüfuzlu beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş idmançı 32 yaşında cüdo ilə vidalaşmaq qərarına gəlib.

Qurumun rəsmi saytına açıqlama verən O.Səfərov bildirib ki, cüdonun hər bir anı onun üçün yaddaqalandır: “Qalib gəldiyim hər turnir mənim üçün vacibdir. Cüdo həyatda mənə çox şey öyrətdi, əsas da tataminin üzərində sərbəst olmağı. Kənar dəstək nə qədər olsa da, tatamidə qərarlar təklikdə verilir, heç bir gözlənti və kömək olmur. Cüdo həyat dərsidir. O, həyatda məsələləri müstəqil həll etmək, sərbəst olmaq və qalib gəlməyi öyrədir. Hər şey öz əlindədir”.

Titullu idmançı əlavə edib ki, cüdo ona məqsədyönlülük, motivasiya, nizam-intizam, özünəinam kimi keyfiyyətləri bəxş edib və bu keyfiyyətləri o, həyatının növbəti mərhələlərinə özü ilə aparacaq. O.Səfərov gələcəkdə də Azərbaycan cüdosunun inkişafına töhfə vermək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Orxan Səfərov 2013-cü ildə böyüklər arasında dünya üçüncüsü olub, 4 il sonra isə analoji yarışda gümüş medal qazanıb. 2015 və 2016-cı illərdə Avropa çempionatının gümüş, 2017-cı ildə isə bürünc medalına sahib çıxıb. “Masters” turnirində 1 dəfə qızıl, 1 dəfə gümüş medal qazanmaqla yanaşı, Böyük Dəbilqə və Qran-Pri yarışlarında ümumilikdə 15 medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı