Qədim Çin filosofu Konfutsi, “Sizə bir ölkəni idarə etmək təklif olunsa, ilk nə edərdiniz?” sualına “Mən birinci dildən başlayardım” deyib. Səbəbini isə belə izah edib: “Çünki dil qüsurlu olarsa, sözlər fikri doğru ifadə edə bilməz. Fikir doğru ifadə olunmasa, vəzifələr yerinə düzgün yetirilməz, vəzifələr düzgün yerinə yetirilməsə, adət-ənənə, mədəniyyət məhv olar. Adət-ənənə, mədəniyyət məhv olarsa, ədalət yolunu azar. Ədalət yolundan çıxarsa, çaşqınlıq içərisinə düşən xalq nə edəcəyini, işlərin hansı həddə çatacağını bilməz. Ona görə də, heç bir şey dil qədər vacib deyil”.
Dünyada heç bir cəmiyyətin öz dili ilə münasibəti Azərbaycanda olduğu qədər problemə çevrilməyib. Üstəlik bu problem elə həddə çatıb ki, hədəf göstərilən istiqamətlərdən hansına tərəf bir az irəliləsək, vəziyyətdən əsaslı çıxış yolu tapmaq müşkül kimi görünür.
Nəhayət 30 ilin tamamında ölkəmizdə Ana dili ətrafında ilk dəfə genişmiqyaslı bir tədbir təşkil olundu. Söhbət sentyabrın 2-4-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən “Azərbaycan Dili və Ədəbiyyatı” Forumundan gedir. Forumda hər zaman olduğu kimi yenə də bütün elmi-ədəbi ictimaiyyət yekdilliklə problemin varlığını qəbul etsələr də, çox az qismi problemin həllinə yönələn konkret təkliflərlə çıxış etdi. Forumdan sonra diqqət çəkilən problemlər, haylı-küylü müzakirələr, problemin həllinə yönəlmiş ciddi və konkret təkliflər müsbətə doğru öz bəhrəsini verəcək ya yox, onu zaman göstərəcək. Ancaq uzun müddətdir bu istiqamətdə belə bir mötəbər forumun keçirilməsi arzuolunan idi.
Bütün dünyada ədəbi dilin formalaşdırılmasında yük əsasən yazıçı və şairlərin çiyninə düşür. Elə günümüzdə də Azərbaycan dilinin inkişaf edib zənginləşməsi ilk növbədə ədəbi əsərlərin yazılıb, oxunması ilə mümkündür. Ancaq son 20 ildə Ana dilimiz ədəbi mühitdəki nəsillər arasındakı üslub, istedad mübahisələrinin, “AYB kürsüsünə kim daha çox layiqdir?” deyişmələrinin kölgəsində tamamilə diqqətdən kənarda qalıb. Bu gün yazılı mətbuatda, kitablarda qarşılaşdığımız dil Azərbaycan dilinin sanki yorğun düşmüş halıdır. Gənc və orta nəsil yazıçılarımızın dili demək olar ki, mətnlərinə daxil etdikləri fəlsəfi cümlələrin, terminlərin kölgəsində qalır.
Ədəbi əsər, məqalə bir tərəfə, hələ feysbukda bir məsələyə münasibət bildirəndə belə sanki kim daha qəliz, anlaşılmaz, fəlsəfi cümlələr quracaq deyə yarışa girirlər. Uzun sözün qısası, yeni nəsil yazıçı və şairlərimizin əksəriyyətinin Azərbaycan dilində söz ehtiyyatı qıt olduğu üçün narahatdırlar. Bu səbəbdəndir ki, yazılarında da, müsahibələrində də əsasən terminalogiyalara söykənirlər.
Ədəbi dilin zənginləşməsi eyni zamanda təhsilin inkişafına da təsir göstərir. Təhsilin inkişafı isə iqtisadiyyatın inkişafına imkan yaradır.
Bu baxımdan da, həm dəyərlərin qorunması və nəsildən-nəsilə ötürülməsində, həm dilin, həm də mədəniyyət və elmin inkişafında istifadə olunan materialların tərkibinin zəngin olmasının əhəmiyyətli rolu var. Bu gün hər hansı bir sahə üzrə tədris materialı tapmaq üçün daha çox rus, ingilis dilində vəsaitlərə müraciət olunursa, deməli problemimiz həm də tədrisdə istifadə olunan materialların Azərbaycan dilində olmamasından qaynaqlanır.
Dilimizi qısırlaşdıran, korlayan səbəblərdən biri də kütləvi informasiya vasitələridir. Xüsusilə telekanallar bu problemin dərinləşməsində rol oynayır. Nə qədər ki gec deyil, teleməkanda dilimizin yanlış təbliğinin qarşısı alınmalıdır.
Yazılı mətbuatda da Azərbaycan dilinin norma və qaydalarına əməl olunmaması halları xeyli artıb. Buna səbəblərdən biri də mətbuatda peşəkar, Azərbaycan dilinə hakim redaktorların 3-4 illik müxbir təcrübəsi olan gənc jurnalistlərlə əvəz edilməsidir.
Ana dilinin öyrənilməsində ədəbiyyatla yanaşı, təhsil ocaqlarının da (bağça, orta və ali məktəblərin) üzərinə məsuliyyət düşür.
3-6 yaş uşaqların söz ehtiyatlarının artırılmasında yazılı qaynaqdan çox şifahi qaynağın əhəmiyyəti böyükdür. Bu yaş aralığında olan uşaqlarda (əgər uşaq tam sağlam və inkişaf mərhələlərini qaydasına uyğun keçirsə) eşitdiyi sözləri daha səlis qavrama qabiliyyəti formalaşmış olur. Lakin bu gün yazılan 3-6 uşaq şeirlərinin, nağıllarının demək olar ki, yarıdan çoxunda uşağın söz ehtiyatını artımağa xidmət göstərən bircə sətir də yoxdur. Abdulla Şaiqin “Xoruz” şeiri, Zahid Xəlilin “Kitabların anası”, Bəxtiyar Vahabzadənin “İlk dərs” şeirləri ilə müqayisədə son illər uşaq ədəbiyyatında və dərsliklərdə qarşımıza çıxan mətn və şeirləri, nə ana dilinin öyrənilməsi, nə də bədii üslub baxımından çox da uğurlu hesab etmək olmaz. Hətta elələri var ki, yumşaq desək, faciədir. Odur ki, problemin həllinə yönələn vacib nüanslardan biri də yeni dövr uşaq ədəbiyyatının daha ciddi formada inkişaf etdirilməsidir.
Dilimizin bu gün yaşadığı ən əhəmiyyətli problemlərdən biri də şübhəsiz ki, təhsildən qaynaqlanır. Məktəblərdə Azərbaycan dilinin tədrisinə kifayət qədər əhəmiyyət vermirik. Burada təbii ki, qəbahət müəllimlər, yaxud da şagirdlərdə deyil. Qüsuru bütöv tədris sahələrini yarış atına çevirən təhsil sistemində axtarmaq lazımdır. Müəllimlər kurikulumun tələb etdiyi imtahanlara yönəlmiş dərslər keçir və bu əzbərçi sistem təəssüf ki, Azərbaycan dilinin doğru şəkildə öyrədilməsinin qarşısını alır.
Bu baxımdan da Azərbaycan dilinin tədrisində, hətta digər fənlərin tədrisində də şagirdlərə dilimizin daha sadə, uşaqların yaş səviyyəsinə uyğun, zəngin və gözəl nümunələrinin ötürülməsi, dərsliklərə Ana dili haqqında daha çox məlumat ala biləcəkləri mətn və şeir nümunələri salınması vacibdir. Əks təqdirdə bu gün olduğu kimi öz dilində danışa bilməyən, özünü ifadə etməkdə çətinlik çəkən, elmi, ədəbi dildə danışıb yazmaq bir tərəfə, gündəlik ünsiyyətdə belə çətinlik çəkən kütlələrlə qarşı-qarşıya qalacağıq.
Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycan dilində pis danışması gülüş, tənqid hədəfinə çevrilib. Tənqid olunmalıdırmı? Bəli. Bəs dilimizin qolunu-qanadını qırıb, qısırlaşdıran, öz ana dilində hıqqına-hıqqına danışan təkcə Çingiz Abdullayevdirmi? Əlbəttə ki, yox. Xəbəriniz varmı ki, bu gün Azərbaycanın ümumilikdə elmi-ədəbi, mədəni-siyasi mühitində 70 faiz insanın ünsiyyət dili rus dilidir. İllərdir yazdığım sahədən - mədəniyyət aləmindən bir neçəsini misal çəkə bilərəm. Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Fidan Qasımova, Xalq artisti Polad Bülbüloğlu, Xalq artisti Cavan Zeynallı, Xalq artisti Flora Kərimova, kinorejissor Oqtay Mirqasımov, Xalq rəssamı Fərhad Xəlilov və s. Siyahını uzatmaq mümkündür. Bu yaşda adamları kursa göndərəsi deyilik. Sovet dövrünün sancılarını yaşayır bu adamlar. Bəs bu gün nədir problem? Bu qarın ağrısını niyə uzadırıq? Bu gün əcnəbi dilə yönəlmənin ilkin səbəbi bütün sahələr üzrə Azərbaycan dilində olan tədris materiallarının yetərli olmamasıdır.
Odur ki, Azərbaycan dilinin saflaşdırılmasında ən əhəmiyyətli və təsirli çıxış yollarından biri Azərbaycan dili və ədəbiyyatının müxtəlif tədris, mədəni, iqtisadi, sosial siyasət vasitəsilə inkişaf etdirilərək zənginləşdirilməsidir.
Günel Musa