Sosial şəbəkədə başqası haqda yazanları bu cəza gözləyir

Günümüzdə texnologiyanın inkişafı sosial şəbəkələrdə, internet resurslarında, eləcə də onlayn mediada insan hüquqlarının pozulması kimi halların artmasına da səbəb olur. Son zamanlar sosial şəbəkələr vasitəsilə məlumatların yayılmasından şantaj üsulu kimi istifadə edənlərin də sayı artıb. Maraqlıdır, görəsən, şəxsi məlumatların yayılmasına görə hansı cəza nəzərdə tutulub?

Metbuat.az "Lent.az"a istinadən bildirir ki, məsələ ilə bağlı “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev danışıb. O bildirib ki, şəxsi və ailə həyatı toxunulmazdır, bunları pozmaq həm etik həm də qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur.

Onun sözlərinə görə, Konstitusiyanın 32-ci maddəsində göstərilir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ var:

“Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Şamil Paşayev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 azn-dən 2000 azn-dək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır:

“Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı