Sabunçuda sudan qanunsuz istifadə halları aşkarlandı

Prezident İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir. Sabunçu rayonu, Zabrat dairəsində yerləşən mebel sexi və anbar kimi fəaliyyət göstərən obyektdə suyun talanması faktı müəyyən edilib. Belə ki, obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan içməli sudan qeyri-qanuni şəkildə istifadə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib. Bildirilib ki, Ramana qəsəbəsi, südçülük sovxozu Elşən Məhərrəmov küçəsində yerləşən “Kabel sexi”ndə də analoji vəziyyət aşkarlanıb. Sahibkar yaxınlıqdan keçən su xəttinə özbaşına birləşmə edərək, içməli sudan qanunsuz istifadə edib. Həyata keçirilən nəzarət tədbirləri zamanı Sabunçu – Zabrat yolu üzərində yerləşən dekorativ ağacların satışı məntəqəsində də içməli sudan qanunsuz istifadə halı aşkarlanıb. Obyekt sahibinə qanunsuz istifadə ilə bağlı xəbərdarlıq edilərək su təchizatının dayandırılmasına baxmayaraq, o yenidən özbaşına xəttə qoşulma verib. Maştağa qəsəbəsi, Tavaylıq massivində fərdi evlərin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş 40-a yaxın həyət evində içməli sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. Evlərin tikintisi ilə məşğul olan maklerlər magistral su kəmərindən qanunsuz olaraq 40 mm diametrli borularla su xətti çəkib və evlərə birləşmə verib. Sudan qanunsuz istifadəyə görə evlərin su təchizatı dayandırılsa da ev sahibləri kəsilən su xəttini birləşdirərək içməli sudan qanunsuz istifadəni davam etdiriblər. Aşkarlanmış bütün qeyri-qanuni su xətləri və birləşmələr ləğv edilib.

Dövlət Su Ehtiyatları Agentliyi olaraq bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 12219, Sabunçu rayonunda isə 3156 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı