Avropa çempionatında medal qazanan Azərbaycan millisi təltif edildi

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında gümüş medal qazanan Azərbaycan millisinin təltifləndirilməsi münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında tədbir keçirilib.

DSX-dan Metbuat.az-a verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Atçılıq Federasiyasının nümayəndələri iştirak edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qayğısı sayəsində ölkədə idmanın bütün sahələrində olduğu kimi atçılıq növünün də inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı, çövkən, konkur, polo komandalarının respublika üzrə və digər ölkələrdə keçirilmiş mötəbər turnirlərdə, beynəlxalq yarışlarda Azərbaycanı yüksək səviyyədə təmsil edərək uğurlar qazandıqları qeyd olunub.

Mərasimdə qitə yarışında iştirak etmiş Azərbaycan yığması Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən çempionatın ikinci pilləsinə yüksəlmələri münasibətilə təbrik edilərək nümayiş etdirdikləri əzmkarlıq və fədakarlığa görə təltif edilib.

Nazir Fərid Qayıbov beynəlxalq turnirdə ölkəni uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçilərini iki dəfə ardıcıl olaraq at polosu üzrə Avropa Çempionatında layiqli təmsil edərək uğur qazanmaları və ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil etdikləri üçün təbrik edib və yeni-yeni uğurlar arzulayıb.

Görüş zamanı Gənclər və idman nazirliyi və Azərbaycan Atçılıq Federasiyası tərəfindən Azərbaycanda atçılığın polo və digər idman növlərinin inkişaf perspektivləri ilə bağlı birgə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda təltifləndirilən heyətlə xatirə fotoşəkilləri çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı