1 manatın üzərindəki imza nə məna daşıyır?

2022-ci ildə Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmov vəzifəsindən getdikdən sonra Azərbaycanın dövriyyədə olan milli pul nişanlarının üzərində Elman Rüstəmovun imzasının olması əsas müzakirə mövzularından birinə çevrilmişdi. Bu gün isə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.

Bəs kağız pulların üstündə sədrin imzası vacibdirmi?

Metbuat.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, pulların üstündə sədrin imzasının olması qanuni qayda deyil:

"Bu məsələ qanunda yoxdur. Amma qanuna görə, milli valyutanın əsginaslarının dizaynını Mərkəzi Bank müəyyən təsdiq edir. Yəni bu məsələ tamamilə Mərkəzi Bankın səlahiyyətindədir. Hazırda dünya ölkələrinin bir qisminin əsginaslarındarkəzi bankın sədrinin, maliyyə nazirinin, digər vəzifəli şəxslərin imzası var. Əvvəllər bunun əhəmiyyəti var idi, indi əhəmiyyəti yoxdur. Belə ki, əvəllər pul əsginası bir sənəd idi. Yəni o müəyyən miqdarda qızılın təqdim edilməsi üzrə öhdəlik idi".

Ekspert bildirib ki, hazırda belə bir öhdəlik yoxdur. Ona görə bu, köhnəlmiş bir qaydadır, lakin bəzi ölkələrdə var:

"Bəzi ölkələrdə bu ənənə var, həmçinin bizdə də. Amma mən buna elə bir ehtiyac görmürəm. Xüsusilə də, Mərkəzi Bankın sədri dəyişə bilər və s. Amma yenə də bu, Mərkəzi Bankın səlahiyyətindədir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı