Ermənilərin 6 ədəd "Ural"ı qənimət olaraq ələ keçirilib - MN

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov keçirilən brifinqdə deyib.

O bildirib ki, keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrin məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib:

"Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı. Belə ki, əgər qarşı tərəfin iddialarının real əsası olsa idi bununla bağlı sosial media resurslarında foto və ya videogörüntülər təqdim olunardı. Onu da qeyd edim ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycan tərəfini ittiham etməsi ehtimalı da istisna edilmir".

Anar Eyvazov deyib ki, Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir:

"Digər vacib bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda,Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar. Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq və bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaqdır.

Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq. Hərbi qulluqçularımız bu çağırışlarımızı çap edilmiş məlumat vərəqələrində müxtəlif vasitələrlə yerli əhaliyə və silahlılara çatdırır.

Qeyd etdiyim faktları və məlumat vərəqələrini texniki heyətin dəstəyi ilə sizə təqdim edirəm. Bundan başqa, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır".

Anar Eyvazov deyib ki, Hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir:

"Mövcud şərait bölmələrimizin nəzarəti altındadır.Ictimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR