Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə prosesi başa çatdı

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün sentyabrın 4-19-da keçirilən növbəti müsahibə prosesi başa çatıb.

Komitədən Metbuat.az-a bildirilib ki, müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 11-19 sentyabr tarixlərini əhatə edən ikinci mərhələsində isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi həyata keçirilib.

Mayın 3-dən iyunun 3-dək sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113 qadın, 180 kişi olmaqla, ümumilikdə 293 nəfərin müraciəti qeydiyyata alınıb.

Altı vakansiya üzrə keçirilən müsahibə prosesində qadın namizədlərdən 23, imam və imam müavini vəzifələrinin tutulması üçün 13 vakansiya üzrə 52 nəfər müvəffəqiyyət qazanıb.

Sənədləri qeydiyyata alınan 18 nəfər (9 kişi, 9 qadın) müsahibədə iştirak etməyib.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə DQİDK tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı