Azərbaycan-Qazaxıstan birgə hərbi təlimləri başlayıb - FOTO

Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə "Xəzri-2023" birgə taktiki təlimi keçirilir.

Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.

Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vitse-admiral S.Bəkirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. HDQ komandanı Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək Azərbaycan-Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR