İsrailin əsas hədəfi "İran problemi"ni aradan qaldırmaqdır - Ekspert

"İran müdaxilə edib, İsrailə qarşı müharibəyə liderlik etsə, ABŞ da bunun qarşısını almaq üçün müharibəyə qoşulacaq. Bu halda ordusu və kəşfiyyatı haqda əfsanələr yaradılmış, əslində isə gücü yetərli olmayan, tükdən asılı İsrail üçün İran məsələsinin həllinə fürsət və imkan yaranacaq".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Şahin Cəfərli deyib. O hesab edir ki, bunun üçün qarşıdurmanın miqyasını böyütməyə və İranı bu işin tam mərkəzinə çəkib, gətirməyə ehtiyac var:

"Dünənki insanlığa qarşı cinayət Baydenin bölgəyə səfərinə saatlar qalmış törədildi. Bayden Ammanda İordaniya, Misir, Fələstin liderləri ilə görüşəcəkdi və aydındır ki, müzakirələrin ana mövzusunu sülh təşkil edəcəkdi. Lakin xəstəxananı bombalamaqla sülh gündəmi baltalandı. Bu məsələdə İsrail, HAMAS və İranın maraqları üst-üstə düşür. İsraildə faşist Netanyahunun liderliyi altında Ben Qvir, Smotriç kimi quldurlardan ibarət hökumət iş başındadır və bu hökumət böyük müharibədə maraqlıdır. Qəzzaya terrorçu rejim hakimdir və HAMAS-ın öz mövcudiyyətini davam etdirmək, legitimliyini gücləndirmək üçün qan və qırğınlara ehtiyacı var. İran rejiminə də xarici düşmənlər lazımdır ki, həm daxildə diqqəti çoxsaylı problemlərdən yayındırıb, əhalini ətrafında səfərbər etsin, həm də bölgədə proksi qruplaşmaların yaradılması və silahlandırılmasına yönəltdiyi milyardların haqq işinə sərf olunduğu qənaətini formalaşdırıb, bu siyasətinə xalqdan dəstək qazansın".

Analitikin fikirlərinə görə, bu üç rejim də Fələstin məsələsinin ədalətli həllində maraqlı deyil və istənilən sülh prosesini pozmağa hazırdır:

"Əminəm ki, sabah İsraildə sülhsevər bir hökumət iş başına gəlib, hətta 1967-ci il sərhədlərinə geri çəkilməyi qəbul etsə, HAMAS, İslami Cihad və digər radikal fələstinli qruplar, İran və onun "Hizbullah"ı bunu yetərli görməyəcək və İsraildən 1947-ci il vəziyyətinə geri dönməyi tələb edəcəklər. Yəni bu gün çoxlarının hesab etdiyi kimi, İsrailin ciddi güzəştlərə getməsinin də bölgəyə sülh gətirəcəyinin bir təminatı yoxdur",- sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı