Argentinada leysan yağışları və çayların daşması ciddi təhlükəyə səbəb olub. Yaşayış yerləri su altında qalan zəhərli ilanlar, timsahlar və digər vəhşi heyvanlar məhəllələrə üz tutub. Hadisə bölgə sakinləri arasında narahatlıq yaradıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Argentinanın Korientes və Misiones əyalətlərində baş verən daşqınlar nəticəsində çoxsaylı vəhşi heyvan təbii mühitini tərk etmək məcburiyyətində qalıb. Parana çayında suyun səviyyəsinin yüksəlməsi ilanların, kaymanların, kapibaraların və müxtəlif quş növlərinin təhlükəsiz ərazilərə üz tutmasına səbəb olub.
Məlumata görə, çay sahillərində suyun artması nəticəsində bəzi vəhşi heyvanlar evlərin və yolların yaxınlığında görünməyə başlayıb. Xilasetmə qrupları ərazidə hərəkətə keçərək bir sıra heyvanları təhlükəsiz bölgələrə köçürüb.
Daşqınlardan sonra qeydə alınan ən ciddi hadisələrdən biri Qoya şəhərində baş verib. Belə ki, çay adalarından iribuynuzlu heyvanların təxliyəsinə kömək edən 15 yaşlı yeniyetməni çıngıraqlı ilan sancıb. Zəhərlənmə nəticəsində orqanlarının fəaliyyətinə zərər dəydiyi bildirilən yeniyetmənin reanimasiyaya yerləşdirildiyi qeyd olunub.
Bölgədə vəhşi heyvanların mühafizəsi mərkəzlərində də sıxlıq yaranıb. Aguará mühafizə mərkəzində 100-dən çox heyvanın reabilitasiya prosesində olduğu, mərkəzə gətirilən heyvanların sayının isə iki dəfə artdığı bildirilib.
Mütəxəssislər sakinlərə vəhşi heyvanlara yaxınlaşmamaq, onları yemləməmək və qarşılaşdıqları hallarla bağlı aidiyyəti qurumlara məlumat vermək barədə xəbərdarlıq ediblər.