Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo daha bir möhtəşəm performansa imza atıb. Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Xulud”u 5:3 hesabı ilə məğlub edib. Qarşılaşmanın qəhrəmanı isə 15 dəqiqə ərzində het-trik edən Ronaldo olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 41 yaşlı hücumçu matçın 66, 72 və 81-ci dəqiqələrində rəqib qapısına yol taparaq komandasının qələbəsində həlledici rol oynayıb.

Gərgin keçən qarşılaşmanın ilk hissəsi 2:2 hesabı ilə başa çatıb. Qonaq komanda 16-cı dəqiqədə Dominguesin qolu ilə hesabı açıb. “Əl-Nəsr” isə Angelo Gabrielin 24-cü, Sadio Manenin 38-ci dəqiqədə vurduğu qollarla önə keçib. Lakin “Əl-Xulud” ilk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Essombanın qolu ilə hesabı bərabərləşdirib.

İkinci hissədə səhnəyə çıxan Ronaldo ardıcıl qollarla komandasının üstünlüyünü təmin edib. Qonaqlar 90+4-cü dəqiqədə Dominguesin ikinci qolu ilə fərqi azaltsalar da, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.

Qeyd edək ki, bu het-trikdən sonra Kriştiano Ronaldonun karyerası ərzində vurduğu rəsmi qolların sayı 985-ə yüksəlib. Ulduz futbolçunun 1000 qol hədəfinə çatmasına cəmi 15 qol qalıb. O, bu göstəriciyə nail olacağı təqdirdə futbol tarixində rəsmi oyunlarda 1000 qol vuran ilk futbolçu olacaq.