2024-cü ildə bu qədər vəsait dövlət borcunun ödənilməsinə yönəldiləcək

2024-cü ilin dövlət büdcəsi layihəsində dövlət borcuna xidmət xərclərində nəzərdə tutulmuş 1972,6 mln. manat məbləğində vəsait növbəti ilin proqnozlaşdırılmış dövlət büdcəsi gəlirlərinin təqribən 5,8%-i, xərclərinin isə 5,4%-i səviyyəsindədir. Bu isə 2023-cü ilin proqnozu ilə müqayisədə gəlirlər üzrə 2,3 faiz bəndi, xərclər üzrə isə 2,1 faiz bəndi artım deməkdir.

Metbuat.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-ci ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsi layihəsində dövlət borcuna xidmət xərclərinin cari ilin proqnozuna nisbətən 790,1 mln. manat (o cümlədən daxili dövlət borcuna xidmət xərclərində 235,0 mln. manat, xarici dövlət borcuna xidmət xərclərində isə 555,1 mln.manat) və ya 66,8% artmasının səbəbi kimi təqdim olunmuş izahatda növbəti ildə xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin 850,9 mln. manat hissəsinin dövlət büdcəsinin xərclərində əks olunması, eyni zamanda dünyanın aparıcı mərkəzi bankları tərəfindən bençmark faiz dərəcələrinin, həmçinin Mərkəzi Bank tərəfindən faiz dəhlizi parametrlərinin qaldırılması nəticəsində faiz xərclərinin 341,6 mln. manat, o cümlədən xarici dövlət borcu üzrə hökumət tərəfindən cəlb edilmiş kreditlərin faiz xərclərinin 106,6 mln. manat, daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları üzrə faiz xərclərinin 235,0 mln. manat həcmində artması göstərilib.

Məlumatlara əsasən, 2024-cü ilin dövlət büdcəsi xərclərinin xarici dövlət borcu üzrə xidmət xərclərinin tərkibində proqnozlaşdırılan vəsait yalnız hökumət tərəfindən birbaşa cəlb edilmiş kreditlər üzrə nəzərdə tutulmuş, Azərbaycan Respublikası hökumətinin müvafiq razılıqlarına əsasən bir sıra dövlət müəssisələrinin dövlət zəmanəti ilə cəlb edilmiş öhdəlikləri üzrə növbəti ildə həyata keçirilməli olan 322,8 mln. manat məbləğində vəsait isə dövlət borcuna xidmət xərclərinin strukturundan çıxarılmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR