FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Havaların soyuması dəm qazı təhlükəsinin aktuallığını daha da artırır. Belə ki, təbii qaza olan tələbatın artdığı mövsümdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi ciddi fəsadlara gətirib çıxarır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, hələ də dəm qazı təhlükəsinin törətdiyi faciəli hallar baş verir".

Yuxarıdakıları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə üzləşməmək üçün aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

• qaz cihazı saz və standartlara uyğun olmalı;

• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

"Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!", - müraciətdə vurğulanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı