Baş nazir sertifikatlaşdırma ilə bağlı Qərar imzaladı

Sertifikatlaşdırmadan keçən müəllimlərə elektron formada sertifikat veriləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat veriləcək. Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanacaq.

Sertifikatda aşağıdakı məlumatlar əks olunacaq:

1. sertifikatın nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);

2. təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi tarix;

3. sertifikatın etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya 3-cü dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğu göstərilir);

4. təhsilverənin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;

5. təhsilverənin çalışdığı təhsil müəssisəsinin (tabeçiliyi göstərilməklə) adı;

6. təhsilverənin tədris etdiyi ixtisasın (fənnin) adı;

7. təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi dil;

8. təhsilverənin test və müsahibə mərhələlərində topladığı balı;

9. sertifikatın təhsilverənə Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil fənləri tədris edilən digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verdiyinə dair qeyd.

Sertifikatda bütün məlumatlar Azərbaycan dilində yazılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı