Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

"Vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalından qanunvericiliyə uyğun olaraq yalnız pensiya məqsədləri üçün istifadə oluna bilər".

Metbuat.az-ın məlumatına görə, bu açıqlamanı oxu.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili edib.

O bildirib ki, vətəndaşın xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından istifadə sosial sığorta hadisəsi baş verdikdə, məsələn, pensiya yaşına çatdıqda, əlilliyi müəyyən edildikdə, ailə başçısını itirdikdə və sair həyata keçirilir.

"Qanunvericiliyə görə, vətəndaş pensiya yaşına çatmayıbsa və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilməyibsə, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalından istifadə edə bilmir. Həmin şəxs vəfat etdiyi, yaxud həlak olduğu halda toplanmış pensiya kapitalı onun öhdəsində olan ailə üzvlərinə - 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək) övladlarına, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına, səkkiz yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxslərə (valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir. Göründüyü kimi, şəxsin topladığı pensiya kapitalı o, dünyasını dəyişdiyi halda ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur. Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur”.

R.Mehdili qeyd edib ki, vətəndaşın fərdi hesabında toplanan pensiya kapitalı ona qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız pensiya şəklində ödənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı