Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır

Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır.

Metbuat.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, Müdafiə Nazirliyində hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sənəd hazırlanır: “Hökumət hərbçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq, onların mənzil məişət şəraitini daha gücləndirmək istiqamətində tədbirlər görür, mühüm bir proqram hazırlanır. Sənəddə daha çox hərbçiyə mənzil verilməsi əksini tapacaq. Eyni zamanda hərbi şəhərciklərin yaradılması nəzərdə tutulur. Hələ bu sənəd ilkin mərhələdədir. Ola bilsin bu ilin axırına, yaxud gələn ilin əvvəlinə hökumət bu sənədi təqdim etsin”.

Deputat hərbçilərin mənzillə təmin olunması qaydalarını xatırladıb: “Bu gün Milli Məclisdə də məsələ qaldırıldı ki, hərbçilər 20 il xidmətdən sonra mənzil sahibi ola bilirdi, bu qanun onların bu hüququnu məhdudlaşdırır. Bu, belə deyil. Bu təminat dəyişiklikdən sonra 25 ilə uzanmayacaq. Mənzil təminatı tamamilə başqa sənədlərlə, başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmin hərbi qulluqçular indiki qaydada olduğu kimi 20 il xidmətkeçmə müddətindən sonra xidməti və yaxud şəxsi mənzillərlə təmin olunacaqlar”.

Komitə sədri qeyd edib ki, əsas məqsəd milli Ordunun peşəkar, təcrübəli və hazırlıqlı kadrlarla komplektləşdirilmə səviyyəsinin yüksəldilməsidir: “Azərbaycan Ordusu son 3 ildə böyük qalibiyyətlər əldə edib. Amma təəssüflər olsun ki, kapitulyasiya aktına imza atmış Ermənistan hələ də sülh danışıqlarından yayınır və hələ də bölgədə gərginlik yaratmağa çalışır. Buna görə də bizim milli maraqlarımız tələb edir ki, Ordumuzun gücləndirilməsi üçün bütün hər şeyi edək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR