Daha bir tibb müəssisəsində çatışmazlıqlarla bağlı rentgen-müayinə fəaliyyəti dayandırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Agentliklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs arasında əməkdaşlıq zəminində “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin müraciəti əsasında rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Bakı şəhəri, Xəzər rayonunda yerləşən 45 nömrəli şəhər poliklinikası, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsi, B78 ünvanında fəaliyyət göstərən “RONDENT” MMC-yə məxsus stomatoloji klinikada və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.