Binalarda yerləşdirilən reklam qurğularına dair tələblər müəyyənləşdi

Nazirlər Kabineti “Reklam qurğularına Texniki Tələblər”ə dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, tələblərə aşağıdakı dəyişikliklər edilib:

“Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər bu Texniki Tələblərlə müəyyən edilir.

Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin, həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7-ci hissəsinin tələbləri nəzərə alınmaqla yerləşdirilir.

Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər

Bu Texniki Tələblərin məqsədləri üçün binalar dedikdə birbaşa aid olduğu ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərildiyi obyektlərin yerləşdiyi yaşayış və qeyriyaşayış binaları, habelə onunla sıx bağlı və ya ona bitişik olan tikililər (çətirlər, tentlər, məhəccərlər və hasarlar) nəzərdə tutulur.

Bu Texniki Tələblərlə müəyyən edilmiş reklam qurğuları istisna olmaqla, Bakı şəhərinin ərazisində olan binalarda yalnız bu Texniki Tələblərdə nəzərdə tutulmuş reklam qurğularının yerləşdirilməsinə yol verilir.

Reklam qurğularının yerləşmə yerlərində qaz, istilik, su (kanalizasiya) və elektrik təchizatı sistemlərinin elementlərinin olduğu halda qurğuların yerləşdirilməsi həmin sistemlərin təhlükəsizliyinin təmin edilməsi şərtilə həyata keçirilir.

Reklam qurğularının yerləşdirilməsi zamanı aşağıdakılara yol verilmir:

Reklam qurğularının bu Texniki Tələbləri ilə müəyyən edilmiş parametrlərinin (ölçülərinin), eləcə də yerləşdirilmə yerləri ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına;

Bu Texniki Tələblərdə nəzərdə tutulan hallarda reklam qurğularının şaquli yerləşdirilməsinə;

Bu Texniki Tələblərlə müəyyən edilmiş hal istisna olmaqla, reklam qurğularının binaların günlüklərində yerləşdirilməsinə;

Reklam qurğusunun binanın fasadının tinlərində yerləşdirilməsinə;

Reklam qurğusunun binanın fasadının memarlıq detallarında (o cümlədən, sütunlarda, ornamentlərdə, bəzəklərdə və s.) yerləşdirilməsinə;

Reklam qurğusunun memorial lövhələrə, həmçinin memarlıq abidələrinin (binalarının) məlumat lövhələrinə 1 metrdən yaxın məsafədə yerləşdirilməsinə;

Ünvan məlumatlarının yerləşdiyi lövhələrin üzərinin örtülməsinə;

Fasaddakı bir reklam qurğusunun digərinin üzərində yerləşdirilməsinə;

Bir kronşteyn panel qurğusunun digərinin üzərində yerləşdirilməsinə;

Reklamın binanın fasadında dekorativ-bədii və (və ya) mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsinə;

Reklam məqsədilə pəncərə və divar oyuqlarının, həmçinin, onların çərçivələrinin (impostlarının) bağlanmasına, boyanmasına və dekorativ plyonkalarla örtülməsinə;

Elektron daşıyıcının vitrin şüşəsinin bütün hündürlüyü və (və ya) uzunluğu boyunca quraşdırılmasına;

Reklam qurğusunun lociya, balkon və eyvanlarda yerləşdirilməsinə;

Reklam qurğusunun məhəccərlər və hasarlar istisna olmaqla, digər çəpərləyici qurğularda (şlaqbaumlar, çəpərlər və s.) yerləşdirilməsinə;

Memarlıq abidələrində (binalarında) eyni obyektə aid 1-dən çox fasad reklamının yerləşdirilməsinə;

Memarlıq abidələrində (binalarında) yerləşdirilən fasad reklamlarında daxili işıqlandırmadan istifadə olunmasına;

Memarlıq abidələrinin (binalarının) üzərində kronşteyn panel qurğusunun yerləşdirilməsinə.

Fasad reklamları bu Texniki Tələblərin 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir.

Fasad reklamları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

Fasad reklamları hərflər, rəqəmlər, bədii-dekorativ elementlər (loqotiplər, nişanlar, simvollar və s.) şəklində olmaqla ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin birinci və ikinci mərtəbələrinin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda, giriş hissələrinin və ya pəncərələrinin (vitrinlərinin) yuxarısında, həmçinin obyektlərin pəncərələri arasındakı aralıq divarlarda yerləşdirilir. Binanın üzərində eyni zamanda bir neçə fasad reklamı yerləşdirildikdə, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca (eyni səviyyədə) bir hündürlük səviyyəsində olmalıdır (əlavə 1, şəkil 1);

Fasad reklamları binanın çöl tərəfinin ölçülərinə uyğun olan sahəsi çərçivəsində fasadın memarlıq elementlərindən azad hamar hissələrində yerləşdirilir. Fasad reklamları bərkidici və (və ya) altlıq elementlərindən istifadə edilməklə yerləşdirilə bilər. Fasad reklamları, habelə onun bərkidici və altlıq elementləri ərazinin və binanın bədii-memarlıq üslubuna uyğun olmalıdır. Fasad reklamları 4 tək qurğudan (vahid qurğu) və ya qarşılıqlı əlaqəli elementlərin əks olunduğu qurğulardan ibarətdir;

Fasad reklamları binaların zirzəmi və ya kürsülük mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxarısında yerləşdirilə bilər. Bu zaman reklam qurğusu bərkidildiyi yerdən 0,10 metrdən çox çıxıntı əmələ gətirməməlidir (əlavə 1, şəkil 2);

Fasad reklamlarının ölçüləri (əlavə 1, şəkil 3):

Hündürlüyünə görə - qurğunun frizdə yerləşdirilməsi istisna olmaqla 0,50 metrdən;

Uzunluğuna görə - tək qurğu üçün 10 metrdən, lakin obyektin uzunluğunun 70 faizindən;

Fasad reklamları qarşılıqlı əlaqəli elementlərdən istifadə edilməklə hazırlandıqda onun maksimal ölçüsü uzunluğuna görə 15 metrdən, lakin obyektin uzunluğunun 70 faizindən çox olmamalıdır;

Bu Texniki Tələbləri istisna olmaqla, fasad reklamları bərkidildiyi yerdən 0,20 metrdən (memarlıq abidələrinə (binalarına) münasibətdə isə 0,10 metrdən) artıq çıxıntı əmələ gətirməməlidir (əlavə 1, şəkil 4);

Frizdə yerləşdirilən fasad reklamında altlıqdan istifadə edildiyi halda, həmin altlıq frizin ölçülərinə uyğun yerləşdirilir. Reklam qurğusunun frizdə yerləşdirilməsi üçün istifadə edilən altlığın hündürlüyü frizin hündürlüyünə bərabər olmalıdır. Frizdəki fasad reklamları vahid üfüqi ox üzrə yerləşdirilməlidir. Bir frizdə bir neçə fasad reklamı yerləşdirildikdə onlar üçün vahid altlıq təşkil edilməlidir (əlavə 1, şəkil 5);

Binanın günlüyündə frizin olduğu halda fasad reklamı frizin qabaritləri daxilində yerləşdirilə bilər (əlavə 1, şəkil 6);

Fasad reklamları memarlıq abidələrinin (binalarının) üzərində həmin abidələrin (binaların) fasadlarının səthinə uyğun bərkidici elementlərdən istifadə edilməklə yerləşdirilməlidir;

Fasad reklamları memarlıq abidələrinin (binalarının) kompozisiyasına, üslubuna, ornament və ya naxışlarına, o cümlədən fasadlarının dekorasiyasına xələl gətirmədən, rənglərin və rəng birləşmələrinin məhdud istifadəsi, fasadın rəngi ilə harmoniyası nəzərə alınmaqla yerləşdirilməlidir;

Yerləşdirilmiş fasad reklamlarına əlavə olaraq binanın girişində (sağda və ya solda olmaqla), qapı oyuğundan yüksəkdə olmamaq şərtilə fasadın memarlıq elementlərindən azad hamar hissələrində bir ədəd reklam qurğusu yerləşdirilə bilər. Bu 5 zaman reklam qurğusu hündürlüyünə görə 0,80 metrdən, uzunluğuna görə isə 0,60 metrdən çox olmamalıdır (əlavə 1, şəkil 7).

Vitrin üzərində reklam qurğuları bu Texniki Tələblərin 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Vitrin üzərində reklam qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

Vitrin üzərində reklam qurğusu vitrin şüşəsinin xarici və (və ya) daxili tərəfində yerləşdirilir;

Vitrin üzərində reklam qurğusu hərflər, rəqəmlər, bədiidekorativ elementlər (loqotiplər, nişanlar, simvollar və s.), təsvirlər şəklində və ya elektron daşıyıcılar vasitəsilə yerləşdirilir;

Vitrin şüşəsində reklam səthinin sahəsi vitrinin ümumi sahəsinin 50 faizindən çox olmamalıdır. Vitrin üzərində reklam qurğusu bərkidici və (və ya) altlıq elementlərindən istifadə etməklə yerləşdirilə bilər (əlavə 2, şəkil 1);

Vitrin şüşəsində yerləşdirilən reklam qurğusu çərçivələrin, impostlar olduqda onların sərhədləri daxilində yerləşməlidir. Vitrin şüşəsinin xarici tərəfinə yerləşdirilən reklam qurğusu binanın fasadının müstəvisindən kənara çıxmamalı, reklam qurğusunun uzunluğu vitrin şüşəsinin uzunluğundan çox olmamalıdır. Vitrin çoxtərəfli formaya malik olduğu halda reklam qurğusu onun hər üzünə paralel şəkildə, konstruktiv elementlərinə (impostlarına) bərkidilmə mümkünlüyü təmin edilməklə yerləşdirilə bilər (əlavə 2, şəkil 2);

Reklam qurğularının binaların pəncərələrində (pəncərə altlıqlarında) və qapılarının şüşələrində yerləşdirilməsi onların vitrinlərdə yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş tələblərə müvafiq olaraq həyata keçirilir.

Kronşteyn panel qurğuları bu Texniki Tələblərin 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Kronşteyn panel qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

Kronşteyn panel qurğusu birinci və ikinci mərtəbələrin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda yerləşdirilməli, eləcə də yer səviyyəsindən kronşteyn panel qurğusunun aşağı kənarınadək məsafə ən azı 2,20 metr olmalıdır. Kronşteyn panel qurğuları arasındakı məsafə 3 metrdən az ola bilməz. Binada eyni obyektə aid yalnız 1 kronşteyn panel qurğusu yerləşdirilə bilər. Binanın üzərində eyni zamanda bir neçə kronşteyn panel qurğusu quraşdırıldıqda, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca bir hündürlük 6 səviyyəsində (reklam qurğusunun aşağı kənarlarına münasibətdə) olmalıdır (əlavə 3, şəkil 1);

Kronşteyn panel qurğusunun bərkidici elementləri binanın fasadının müstəvisindən 0,20 metrdən çox məsafədə, onun üz tərəfinin kənar nöqtəsi isə fasadın müstəvisindən 1 metrdən çox məsafədə yerləşməməlidir. Kronşteyn panel qurğusunun hündürlüyü 1 metrdən, eni isə 0,20 metrdən çox olmamalıdır (əlavə 3, şəkil 2);

Tarix və mədəniyyət abidələrinin mühafizə zonalarındakı binalarda yerləşdirilən kronşteyn panel qurğusu hündürlüyünə və uzunluğuna görə 0,50 metrdən çox olmamalıdır (əlavə 3, şəkil 3);

Kronşteyn panel qurğusu tarix və mədəniyyət abidələrinin mühafizə zonalarındakı binalarda binanın bədii memarlıq üslubuna uyğun dizayn edildikdə yerləşdirilə bilər.

Asma panel qurğuları bu Texniki Tələblərin 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Asma panel qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

Asma panel reklam qurğusu piyadaların qalereya məkanında, yerləşdirmə yerinin estetik görkəminə və ölçülərinə uyğun olaraq yerləşdirilir;

Yer səviyyəsindən asma panel qurğusunun aşağı kənarınadək məsafə 2,5 metrdən az olmamalıdır;

Asma panel reklam qurğusunun hündürlüyü 0,75 metrdən çox olmamalıdır.

Binalarda digər reklam qurğuları bu Texniki Tələblərin 5 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir.

Binalarda digər reklam qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

Binaların vitrinlərinin, qapı və pəncərələrinin üzərinə quraşdırılan tentlərə, o cümlədən stasionar ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinə bitişik sahələrdə istifadə edilən çətirlərə reklamların yerləşdirilməsinə yol verilir. Bu zaman reklamın hündürlüyü 0,30 metrdən çox olmamalıdır. Tent və çətirlərdə reklamlar vahid üfüqi ox üzərində yerləşməlidir (əlavə 5, şəkil 1);

Zirzəmi mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxarısında reklam yerləşdirmək mümkün olmadıqda və ya yerləşdirilmiş reklamlar qarşıdan baxılarkən görünmədikdə məhəccərdə reklam yerləşdirmək mümkündür. Məhəccər metal konstruksiya şəklində və ya memarlıq elementlərindən ibarət olduqda onun tutacaq hissəsi istisna olmaqla, səthində reklam qurğusunun yerləşdirilməsinə yol verilmir. Məhəccərin tutacaq hissəsində 7 quraşdırılan reklam qurğusunun reklam yerləşdirilən səthi 0,50 x 0,50 metrədək, yer səviyyəsindən yuxarı kənarınadək məsafə maksimum 1,50 metrədək təşkil edir, digər hallarda isə reklam məhəccərin ümumi ölçüsünün 50 faizindən çox olmayaraq tam mərkəzdə yerləşdirilir (əlavə 5, şəkil 2).

Bakı şəhərinin ərazisində olan binalarda elektron ekranın, divar panosunun (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən, habelə fərdi layihələr əsasında hazırlanmış reklam qurğularının yerləşdirilməsi xüsusiyyətləri bu Texniki Tələblərlə tənzimlənir.”

“Reklam qurğularına Texniki Tələblər”in müddəaları bu qərar qüvvəyə mindiyi tarixdə müddəti bitməmiş açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə əsasında Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına şamil olunmur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı