Sürücülərin nəzərinə: Fevralın 1-dən əlavə pul ödəyəcəksiniz

Xəbər verdiyimiz kimi, daxili işlər naziri Vilayət Eyvazov “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edib.

Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.

2024-cü il fevralın 1-dən qüvvəyə minəcək qərar barədə Metbuat.az-a nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli açıqlama verib. Ekspert deyir ki, prosesin başlanması üçün utilizasiya fondu yaradılacaq:

“Bundan sonrakı mərhələdə fonddan utilizasiya olunan avtomobillərin utilizasiya haqları ödəniləcək. Ona görə də vətəndaşdan bəri başdan utilizasiya haqqı alınır.

Qeyd edim ki, ölkəyə idxal olunan köhnə avtomobillərə görə vətəndaşlar və sahibkarlar fevral ayının birindən utilizasiya haqqı ödəyəcəklər. Bu, köhnə maşınlara aiddir. İstehsal ili dörd ildən çox olan avtomobillərə görə 400 manat utilizasiya haqqı verəcəklər. Vətəndaş avtomobili xaricdən gətirəndə isə ili yeddi ildən çox olan avtomobillərə görə 700 manat utilizasiya haqqı alınacaq”.

Ekspert onu da qeyd etdi ki, təkcə xaricdən gətirən zaman deyil, ölkə daxilində istismarda olan avtomobillərə görə də vətəndaşlardan utilizasiya haqqı alınacaq:

“Köhnə avtomobili texniki baxışdan keçirən zaman vətəndaşdan utilizasiya haqqı alınacaq. Amma bu utilizasiya haqqı hansı formada, nəyin əsasında, konkret məbləği və hansı avtomobillərə aid olacaq bunlar haqqında hələ ki, heç bir rəsmi məlumat yoxdur. Hesab edirəm ki, yəqin ki, utilizasiya fondu yaradılandan müəyyən məbləğ toplandıqdan sonra utilizasiya layihəsi çərçivəsində həyata keçirəcəklər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı