“2024-cü ildə kəskin qiymət artımı gözlənilmir” - Ekspert

Yola saldığımız 2023-cü il ölkənin sosial-iqtisadi sferasında bir çox uğurlarla yadda qaldı. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb.

Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb.Qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib. Xarici ticarətin profisiti 0,5 milyard ABŞ dollarından 23,6 milyard ABŞ dollarınadək artıb. 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb.

Ölkəmizin strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 58,5 milyard ABŞ dollarına yüksəlib. 2002-ci il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 46,7%-dən 5,5%-ə enib.

Mövzunu davam etdirən iqtisadçı Eyyub Kərimli Metbuat.az-a açıqlamasında bildirdi ki, cari ildə ölkədə makroiqtisadi sabitlik hökm sürüb:

“2023-cü ildə manat xarici valyutalara nisbətən sabit qaldı. 2022-ci ildə inflyasiya 20-30 faiz təşkil etsə də, 2023-cü ildə10-12 faiz üzərində qərarlaşdı. Ölkənin qeyri-neft sektorunda 3.2 faiz artımlar müşahidə etdik. Biz il ərzində minimum əməkhaqqının, pensiyaların indeksləşməsinin və digər başqa sosial ödəmələrin artmasını gördük. Cari ildə büdcə kəsiri olmadı, ümümi daxili məhsulda artım, həmçinin xarici borclarda azalma kimi proseslər baş verdi. Makroiqtisadi göstəricilərin yüksək olması sözsüz ki, ölkə iqtisadiyyatının daha sabit səmərəli fəaliyyət və inkişafını deməyə əsas verir.

Eyni zamanda aqrar sahədə, xarici ticarət əlaqələrimizdə artım və genişlənmə baş verdi. Bildiyiniz kimi, bu ilin dövlət büdcəsində də regionlardan mərkəzi büdcədən asılılığının azaldılması nəzərdə tutulub. Cəmi yeddi rayonun mərkəzi büdcədən maliyyələşməsi qalıb. Bütün bunlar göstərir ki, regionlar artıq özünü maliyyələşmə sisteminə keçmək istiqamətində uğurlu inkişaf sərgiləyirlər”.

2023-cü ildə işğaldan azad edilən bölgələrdə aparılan abadlıq quruculuq işlərinə diqqəti yönəldən ekspert qeyd etdi ki, Azərbaycanda iqtisadi dinamika yüksəlib:

“Hər il ölkəmizdə yeni iş yerləri açılır. Bu proses cari ildə də davam etdirilib. Ümumilikdə yola saldığımız il məcburi köçkünlərin yurdlarına köçürülməsi, bölgənin infrastrukturunun qurulması, orada alternativ və bərpa olunan enerji sahəsində investisiya layihələrinin həyata keçirilməsi, ölkənin qaz ixracatının genişləndirilməsi istiqamətində müsbət inkişafla yadda qaldı.

Hesab edirəm ki, bu tendensiya ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə qarşıdakı illərdə də davam edəcəkdir. Gələn il əmək haqqında artım gözlənilə bilər. Həmçinin ölkədə logistik imkanları genişlənir. Biz gözləyirik ki, Naxçıvanla Azərbaycanın quru nəqliyyat əlaqəsi bərpa olunsun.

Qaz sektorunda ixrac potensialımız artır, bu sahədə də müəyyən gəlirlər əldə etməkdə davam edəcəyik. Lakin neft sektorunda müəyyən gəlirlərin azalmasını müşahidə edə bilərik. Hesab edirəm ki, 2024-cü ildə də manatın məzənnəsi sabit qalsa, kreditlərin faizlərində müəyyən azalma gözlənilə bilər. Ümumiyyətlə, növbəti ildə kəskin qiymət artımı müşahidə edilməyəcək. Ehtimallara görə, bu 10 faiz civarında ola bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı