Vaqif Xaçatryana cəza istəyən prokuror təqaüdə göndərildi

Xocalıda azərbaycanlılara qarşı soyqırımdan təqsirləndirilərək 15 il azadlıqdan məhrum edilən erməni əsilli Vaqif Xaçatryana cəza istəyən prokuror Müqəddəs Sultanov təqaüdə göndərilib.

Baş Prokurorluqdan Mətbuat.az-a verilən məlumata görə, yanvarın 8-də Baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi Müqəddəs Sultanov, Samux rayon prokuroru Mayıl Hacıyev və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru İlham Səlimovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.

Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.

Xatırladaq ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib. Bakı Hərbi Məhkəməsində Baş prokurorun köməkçisi Müqəddəs Sultanov çıxış edərək Vaqif Xaçatryanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror çıxışında deyib ki, Vaqif Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V. Xaçatryan 15 il azadlıqdan məhrum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı