Qanunda edilmiş dəyişiklik mikro sahibkarlığın inkişafına mənfi təsir edə bilər - ekspert

2024-cü ilin yanvarın birindən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 %-i qədər deyil, 20 %-i qədər vergi ödəyəcəklər. Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, onlara 75 %-lik vergi güzəşti və azadolma tətbiq edilməyəcək.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, qanunvericilikdə edilmiş bu dəyişiklik mikro sahibkarlığın inkişafına mənfi təsir edəcək:

“Hesab edirəm, üç il ərzində bu məsələyə yenidən baxılacaq və hansısa formada güzəştlər tətbiq olunacaq. Çünki, biz bunu bir çox istiqamətlərdə müşahidə etmişik. Düşünürəm ki, yenidən atılmış bu addım həm sahibkarlar, həm də iqtisadiyyat üçün neqativ nəticələnəcək. Ortada mövcud rəqəmlər təsbit olunduqdan sonra güzəşt məsələsinə yenidən baxıla bilər”.

Ekspert qeyd edib ki, ölkədə güclü iqtisadiyyat üçün sahibkarlara dörd fərqli yanaşma fəlsəfəsinin tətbiqi vacibdir:

“Birincisi, mikro sahibkarlara lazımi şərait yaratmaq, onların problemini həll edib stimul vermək lazımdır. İkincisi, orta sahibkarlara dəstək ilə bağlıdır. Amma bununla belə iri sahibkarı da qəti nəzarətsiz buraxmaq olmaz. Əks halda ayrı-ayrılıqda heç bir qanun və mexanizm istənilən nəticəni verə bilməz”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı