Korrupsiya faktları ilə bağlı 301 cinayət işi başlanıb

Ötən il Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində korrupsiya faktları ilə bağlı 301 cinayət işi başlanıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə ilin yekunlarına dair müşavirədə Baş prokurorun müavini-Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov çxıışında deyib. İdarə rəisi bildirib ki, hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 10.897 müraciətinə baxılıb:

"Əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyəti müsbət həll edilib, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb. Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilib, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 204 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub. Qeyd edilən müddət ərzində Baş İdarədə 382 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 301 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 81 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib və digər prokuror təsir tədbirləri tətbiq edilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı