Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 31-də ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.

Bu barədə Metbuat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu səfərin Baş katibin Azərbaycana ikinci səfəri olduğunu bildirən spiker Sahibə Qafarova beynəlxalq tədbirlər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti ilə müxtəlif görüşlərini xatırladıb, tərəflər arasında aktiv dialoqun münasibətləri inkişaf etdirmək niyyətinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın bu təşkilatla əməkdaşlığa mühüm əhəmiyyət verdiyi qeyd olunaraq bildirilib ki, qısa müddət ərzində Azərbaycan parlamentinin beş üzvünün təşkilatın bir sıra komitələrinin bürolarına və forumlarının idarə heyətinə üzv seçilməsi də bunu sübut edir. Sahibə Qafarova Parlamentlərarası İttifaqın bütün ölkələrin rəylərinin əks olunduğu əsl dialoq platforması olduğunu qeyd edərək, təəssüflə vurğulayıb ki, bəzi beynəlxalq təşkilatlarda bu cür obyektiv münasibət və müsbət əməkdaşlıq mühiti yoxdur. O, bu mənada Avropa Şurası Parlament Assambleyasının ikili standartlara söykənən fəaliyyətini tənqid edib.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq yenidən ölkəmizdə olmaqdan məmnunluğunu bildirərək, təşkilatla ölkəmiz arasında əməkdaşlığı təqdir edib. O, Baş katib kimi məqsədinin təşkilatda hər bir dövlətin səsinin eşidilməsi olduğunu qeyd edərək, Parlamentlərarası İttifaqın hansısa ölkələrin, qrupların maraqlarını əks etdirən klub olmasını istəmədiyini söyləyib. O, Azərbaycanın təşkilatdakı nümayəndə heyətinə, büro və komitələrdə fəaliyyət göstərən parlamentarilərimizə istənilən dəstəyi göstərməyə hazır olduqlarını da qeyd edib.

Söhbətdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığı daha da dərinləşdirmək niyyəti ifadə olunub. Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan Hərəkata sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın institusional potensialının inkişafı üçün Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının yaradılması kimi bir sıra təşəbbüslər irəli sürüb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması ölkəmizin parlamentlərarası əməkdaşlığa güclü dəstəyinin və sadiqliyinin təzahürüdür.

Baş katib Martin Çunqonq da deyib ki, Qoşulmama Hərəkatı əvvəllər fəal olmayıb. Lakin Azərbaycanın təşkilata sədrliyi sayəsində Hərəkatın fəallığı və beynəlxalq münasibətlər sistemində mövqeyi güclənib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ideyasının gerçəkləşməsini çox yüksək qiymətləndirən Baş katib Hərəkatın dünyada vacib rolunu qeyd edib. O, Parlamentlərarası İttifaqın bu Parlament Şəbəkəsinin fəaliyyətinə istənilən dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşdə İqlim dəyişmələri üzrə mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Martin Çunqonq COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və Azərbaycanın bu tədbirə uğurla evsahibliyi edəcəyinə inamını ifadə edib.

Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova Baş katibə Ermənistanın 30 ilə yaxın ərazilərimizin 20 faizini işğal altında saxlaması, beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlarının yerinə yetirilməməsi, Azərbaycanın 2020-ci ildə bu əraziləri öz gücü hesabına işğaldan azad etməsi və hazırda regionda mövcud olan vəziyyət barədə də məlumat verib. O, həmçinin, xatırladıb ki, 2023-cü ildə Azərbaycan Ermənistanın hərbi-siyasi təxribatlarına cavab olaraq antiterror tədbirləri həyata keçirib və bu tədbirlər yalnız qeyri-qanuni hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə alıb. Mülki əhaliyə və obyektlərə heç vaxt hücum edilməyib. BMT-nin bölgədəki 3 missiyası mülki əhaliyə, mülki və sosial infrastruktura heç bir zərərin dəymədiyini təsdiq edib.

Spiker vurğulayıb ki, bu işğal nəticəsində bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. O, təəssüflə qeyd edib ki, hələ də bəzi beynəlxalq təşkilatlar, xüsusən də Avropa Şurasının Parlament Assambleyası işğal dövründə məcburi köçkün düşmüş və Ermənistandan qaçqın olmuş azərbaycanlıların hüquqları barədə danışmaq istəmir.

Milli Məclisin sədri xatırladıb ki, Ermənistan ikinci Qarabağ müharibəsindən sonra da hərbi-siyasi təxribatlarına, o cümlədən Azərbaycan ərazilərini minalamağa davam edib. Onun sözlərinə görə, Ermənistan bu ərazilərə 1 milyondan çox mina basdırıb. Müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində 340-dan çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Azərbaycan hələ də Ermənistandan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyir.

Sahibə Qafarova xatırladıb ki, Ermənistanın son dövrlərdə ritorikası Azərbaycanın guya sülh sazişini imzalamaq istəməməsi üzərində qurulub. Onun sözlərinə görə, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış bir ölkənin bu fikri səsləndirməsi təəccüblüdür. Spiker bir daha vurğulayıb ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Ermənistan isə hələ də sülh müqaviləsinin imzalanması ilə bağlı prosesi uzadır.

Ermənistanın müstəqil ölkə olmadığını deyən Sahibə Qafarovanın sözlərinə görə, bəzi Avropa dövlətləri Cənubi Qafqaz regionunda sülhün təmin olunmasını istəmirlər. Bu ölkələrdən biri də Fransadır. Fransa neokolonializm siyasətini bu regiona da daşımaq istəyir.

Spiker Sahibə Qafarova bir daha vurğulayıb ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasını, Ermənistanla tezliklə sülh sazişinin imzalanmasını istəyir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı