"Nikosayağı"nın məhkəmədən ilk görüntüsü - FOTO

Bakı Ağır Cunayətlər Məhkəməsində “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Metbuat.az-ın məlumatına görə, prokuror ittiham aktını elan edib.

İttihama görə, N.Şakirli alkoqollu içkinin təsiri altında avtomobil idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olub. Qeyd edilir ki, o, sürət həddi 70 km olan olan yolda avtomobili 90-100 km sürətlə idarə edib. Qeyd edilən əmələ görə, Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə bildirilib ki, N. Şakirlinin təqsiri sübuta yetiriləcəyi halda o, 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.

N. Şakirli özünü təqsirli bilib və hadisənin törədilməsində günahkar olduğunu deyib: “2015-ci ildə də mən travma keçirmişəm. Buna görə hadisə anını tam xatırlaya bilmirəm. Yadımdadır ki, Nərimanovda çay evindən çıxdıqdan sonra bir az gəzmək istədik. Qardaşım qədər mənə yaxın olan insanı itirdim”.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı