Azərbaycanın mövqeyi regiona sülh gəlməsinə xidmət edir - Deputat

"Münxendə Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli və ikitərəfli formatda görüşləri baş tutdu. Görüşlərdə ölkələrarası münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər müzakirə olundu. O cümlədən sərhədlərin delimitasiya olunması, sülh müqaviləsi ilə bağlı danışıqların davam etdirilməsi üçün müvafiq orqanlara tapşırıqlar da verildi".

Metbuat.az xəbər verir ki, bu sözləri deputat Azər Badamov Ermənistan və Azərbaycan prezidentlərinin Münxendəki görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, vasitəçisiz görüşlər daha effektiv olur və belə görüşlərin keçirilməsi regiona davamlı sülhün və əməkdaşlığın gəlişi baxımından yüksək dəyərləndirilir:

"Azərbaycanın mövqeyi açıqdır, beynəlxalq hüquqa əsaslanır və regiona sülhün gəlməsinə xidmət edir. Ermənistanın mövqeyi isə dəyişkəndir. Paşinyan görüşlərdə müzakirələr zamanı özünü sülh tərəfdarı kimi göstərsə də, sonrakı hərəkətləri dediklərinin tamamilə əksi olur. Təbii ki, sülh müqaviləsi hər iki tərəfin razılığı ilə baş tutmalıdır. Əgər Ermənistan sülh istəyirsə, belə bir sənəd imzalana bilər. Amma yenə danışıqları manipulyasiya edərək sülh müqaviləsinin ruhuna zidd hərəkətlərə davam edərlərsə, belə bir sənəd imzalanmayacaqdır".

Deputat bildirib ki, Azərbaycan öz ərazilərində suverənliyi təmin edib və sülh müqaviləsinin imzalanması prosesinə Ermənistan daha çox maraqlı olmalıdır:

"Biz öz işimizi görmüşük və gələcəkdə Ermənistanın özünün necə aparmasından asıllı olmayaraq regional əməkdaşlıq platformalarda işimizi davam etdirəcəyik".

Quliyeva Seyranə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı