Xocalıda aşkarlanan insan qalıqlarının sayı 13-ə çatdı

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 13-ə çatıb.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 3 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 13 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə, qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalmaları, əllərinin kəndirlə bağlanmaları, o cümlədən fərdi qaydada və mənsub olduqları dinin tələblərinə uyğun olmayan formada dəfn olunmaları müəyyən edilib.

Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Seyranə Quliyeva / Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı