Su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri dəyişəcək

Azərbaycan parlamenti “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Metbuat.az xəbər verir ki, qanun layihəsi parlamentin martın 29-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sənəd Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Kommunal xidmətlərə (su təchizatı şəbəkəsinə) qoşulma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi"nə uyğun olaraq, habelə tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydasının, eyni zamanda, qoşulma xəttinə görə ödəniş məbləğinin təsdiq edilməsi və Nazirlər Kabinetinin “Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarının təsdiq edilməsi haqqında” 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarının ləğv edilməsi barədə Nazirlər Kabinetinin qərar layihəsinin qəbul edilməsi məqsədilə hazırlanıb.

Layihədə tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydalarında müvafiq anlayışlardan istifadə edilməsi zərurəti ilə bağlı “Su təchizatı və tullantı suları haqqında” Qanunun 1-ci maddəsinə qoşulma nöqtəsi, fiziki qoşulma, qoşulma müqaviləsi, qoşulma xidmətinə görə ödəniş, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə texnoloji qoşulması, texniki şərtlər, məişət abonenti anlayışlarının əlavə edilməsi təklif olunur.

Bununla yanaşı, Qanunun 23-cü maddəsinin 1-ci, 4-cü və 5-ci hissələrində müvafiq dəyişikliklərin edilməsi, 24-cü maddənin 2-ci hissəsinin yeni redaksiyada verilməsi, Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması başlığı altında yeni 24-1-ci maddənin əlavə edilməsi, 25-ci maddənin 1-ci və 2-ci hissələrində dəyişikliklər edilərək yeni redaksiyada verilməsi, 3-cü və 4-cü hissələrin əlavə edilməsi və 60-cı maddənin 1-ci və 5-ci hissələrinə dəyişiklik edilməsi təklif olunur.

Qanun layihəsinə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasının hüquqi əsasları bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdiriləcək. Təklif olunan qoşulma qaydaları mövcud istehlakçıların hüquqlarının qorunması və keyfiyyətli su təchizatı xidmətinin göstərilməsi üçün sistemin fəaliyyətinin dayanıqlığının artırılmasını və yüksəldilməsini özündə ehtiva edir. Bununla yanaşı, sənəddə sahibkarlıq subyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulmasının daha da optimallaşdırılması, vətəndaşlar və digər istehlakçılarla xidmət qurumlarının münasibətlərində şəffaflığın artırılması, həmçinin tariflərin və qoşulma tələblərinin şəffaflığının təmin edilməsi, təklif olunan qoşulma qaydalarının qoşulma ilə bağlı münasibətlərin tikintiyə icazə, eləcə də tikintinin istismarına icazə çərçivəsində tənzimlənməsi nəzərdə tutulur. Qanun qəbul edildikdən sonra su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtlərini müəyyən edən müvafiq qaydalar da yenilənəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı