Azərbaycan və Konqo prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Gündəliyimiz kifayət qədər genişdir. Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq.

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, müzakirə olunan bütün məsələlərlə bağlı bizim fikirlər üst-üstə düşür: "Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm".

"Bu gün, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır. Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək", - Prezident qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı