Laçına qayıdan sakinlər tibbi müayinədən keçiblər - FOTO

Səhiyyə Nazirliyi Laçın şəhərində ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı müayinələr təşkil edib.

Metbuat.az xəbər verir ki, aksiya zamanı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən “Ağciyər xəstəliklərinin erkən aşkarlanması” proqramı çərçivəsində rayon əhalisinə tibbi xidmətlər göstərilib. Məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır.

Elmi-Tədqiqat Ağciyər Xəstlikləri İnstitutunun direktoru İradə Axundovanın başçılığı ilə institutun bir qrup həkim briqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən əhalinin ətraflı müayinəsi aparılıb. Diaqnostik müayinələrdən döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının spiroqraf vasitəsilə müayinəsi təşkil olunub. Eyni zamanda, Elektrokardioqramma (EKQ), Exokardioqrafiya (EXO-KQ), Mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.Aksiya zamanı 150-ə yaxın Laçın sakini hər biri ayrı-ayrılıqda 5 müayinədən keçiblər.

İnstitutun direktoru İradə Axundova ətraflı təqdimatla çıxış edib. Onun sözlərinə görə, vaxtında aparılan diaqnostika və müntəzəm profilaktik müayinə xəstəliyin qarşısını almağa və ya patologiyanın inkişafının erkən mərhələsində müalicəyə başlamağa kömək edir. Həmçinin İnstitutun həkim-ftiziatrı Aysel Aslanova “Ağciyərlər xəstəlikləri haqqında nə bilirik” mövzusunda təqdimatla cıxış edib. Vərəm, bronxial astma, pnevmoniya, tütün çəkmə ilə bağlı xəstəliklərdən, həmin xəstəliklərin ilkin diaqnostikası, klinikası və ilkin əlamətləri barədə ümumi məlumat təqdim edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı