Mayın 1-dən bu avtomobillər cərimələnəcək - DYP

Sosial şəbəkələrdə mayın 1-dən etibarən katalizatoru yerində olmayan avtomobillərin cərimə ediləcəyi ilə bağlı məlumat yayılıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev Metbuat.az-a bildirib ki, söhbət respublika ərazisində “Təmiz hava” aylığının keçirilməsindən gedir:

“Təmiz hava” aylığı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən keçiriləcək. “Təmiz hava” aylığının keçirilməsində əsas məqsəd ölkəmizin avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtonəqliyyat vasitələrinin istismarının qarşını almaq, habelə sürücülərin, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirilməsidir”.

Rövşən Tağıyev qeyd edib ki, respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür:

“Bütün bunlar nəzərə alınaraq bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə, aşkar olunan qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR