“Başkəndlə bağlı deyilənlər spekulyasiya yaradır” - Deputat

Qazaxın 4 kəndinin qaytarılmasından sonra hazırda Ermənistan tərəfdə qalan digər anklavlar məsələsi əsas müzakirə mövzusuna çevrilib. Son günlərdə Azərbaycan və Ermənistan cəmiyyəti arasında Başkəndin taleyi ilə bağlı məsələ də diqqət mərkəzindədir. Söhbət Ermənistanın Başkəndi “öz anklavı” hesab etməsi və 4 anklava qarşı bu ərazini istəməsindən gedir.

Azərbaycanın bu vəziyyətdə hansı addımlar atacağı barədə Metbuat.az-a açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, bütün bu məsələlər dövlət başçısının siyasəti əsasında tənzimlənir:

“Qazax rayonunun anklav olmayan dörd kəndinin Azərbaycana qaytarılması dövlətimizin, onun ali siyasi rəhbərliyinin böyük diplomatik uğurudur. Bunun ardınca Qazaxın anklav vəziyyətdə olan daha üç kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi gündəmdə dayanır.

Burada kimlərsə versiyalar irəli sürə bilər, amma son həlledici sözü Azərbaycan Prezidenti İlham Əliyev deyib, qərar qəbul edir. Prezidentimiz məsələnin düzgün həlli yolunu bilir. Qarşılıqlı anklav mübadiləsi ilə bağlı səslənən fikirlər birmənalı olaraq aksioma kimi təqdim edilir. Bu yanaşma düzgün deyil. Bu informasiya həqiqəti təhrif etmək deməkdir. Hazırda danışıqlar gedir və məqsəd odur ki, Azərbaycanın bir qarış torpağı da erməni işğalında qalmasın”.

Elman Nəsirli vurğulayıb ki, 4 kənd Azərbaycana qaytarılmadığı təqdirdə anklav mübadiləsi kimi fikirləri səsləndirməyə əsas yoxdur. Millət vəkili bu tip düşüncələrin siyasi spekulyasiyalar yaratdığı qənaətindədir:

“Ermənistan hakimiyyətində də belə bir inam var ki, guya Azərbaycan cəmiyyəti buna hazırdır. Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan xalqı qalibdir. Şərtləri biz deyirik. Biz deyirik ki, işğal altında olan dörd kənd bizimdir və Azərbaycana qaytarılmalıdır. Hesab edirəm ki, bu kimi məsələlərin siyasi spekulyasiya elementinə çevrilməsi qəbuledilməzdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı