Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində “Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əsaslı təmirdən sonra müasir tələblərə cavab verən növbəti sərhəd zastavasının xidməti istifadəyə verilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlərin Prezident İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi ali diqqətin nəticəsi olduğu vurğulanıb.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.
Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.