Siyasi partiyalar parlament seçkilərinə hazırdır? - SORĞU

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Qanunvericiliyə görə, seçkilər noyabr ayında keçirilməlidir. Lakin Bakıda keçiriləcək COP29-a görə seçkilərin vaxtı qabağa çəkilə bilər. Bəs, Azərbaycanda siyasi partiyalar seçkilərə hazırdırmı?

Metbuat.az bununla bağlı siyasi partiyalar arasında sorğu keçirib.

Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, hədəfləri yenidən parlament partiyası olmaqdır:

“Demək olar ki, bütün partiyalar seçki öncəsi xüsusi bir əhval-ruhiyyədədirlər. O cümlədən də Vəhdət Partiyası. Şübhəsiz, biz də hazırlaşırıq. Biz keçən həftə siyasi şurada Vəhdət Partiyası sədrinin birinci müavini Əbdülvahab Manafovun sədrliyi ilə Seçki Qərargahı yaratdıq. Ora baş məclisin sədri, müavinlər, müşavirlər də daxildir. Seçkilərdən gözləntimiz odur ki, biz yenə də parlamentdə təmsil olunaq, parlament partiyası olaq. Bu yolla partiyamız maliyyələşmə də əldə edə biləcək. Həm də siyasi proseslərdə daha yaxşı iştirak edə bilər”.

REAL Partiyasının icra katibi Natiq Cəfərli bildirib ki, REAL parlament seçkilərinə hazırlığa ən birinci start verən partiyadır:

“Hətta ötən ilin dekabr ayında biz Seçki Qərargahını təsis etdik və siyasi komitənin üzvü, tanınmış vəkil Rəsul Cəfərov onun rəhbəri təyin edildi. İndiyə qədər onlarla iclas və görüşlər keçirilib. Artıq 17 namizədimiz müəyyənləşib. Bir o qədər namizəd müraciət edib, baxılır. Gözləntilərimiz ondan ibarətdir ki, REAL Partiyası bu dəfə daha ciddi uğur əldə etsin. Parlament partiyasıyıq, amma cəmi bir deputatımız var. Deputat sayını dəfələrlə artırmağı düşünürük və buna hazırlaşırıq”.

Böyük Qurtuluş Partiyası sədri Fazil Mustafa seçkilərdən danışarkən qeyd etdi ki, iyun ayının 9-da partiyanın qurultayı olacaq:

“Orada bir çox məsələlər müzakirə olunacaq. Çalışacağıq ki, 60-dan çox dairədə namizədlik verək. Bizim üçün əsas hədəflərdən biri də pulsuz efir vaxtıdır. Çünki partiyanın siyasətini təqdim etmək imkanlarımız yaranacaq, çalışacağıq ki, pulsuz efir vaxtı almaq mümkün olsun”.

Ağ Partiya sədri Tural Abbaslı da seçkilər barədə danışıb. O deyib ki, bir neçə aydır seçkilərə hazırlaşırlar:

“Təbii ki, ilkin mərhələ namizədlərin müəyyən olunmasıdır. Onların kimliyi dairələr üzrə müəyyən edilməlidir. Eyni zamanda partiya olaraq. İrəli sürəcəyimiz şüarlar, seçicilərə verdiyimiz vədlər önəmlidir. Bütün bu proseslərdən sonra, seçki günü müşahidəni aparacaq şəxslərin müəyyən olunması var.

Müxtəlif istiqamətlər üzrə işləyirik. Layiqincə öz işimizi görməyə çalışırıq. Biz birinci turda seçicilərin etimadını qazanıb, səslərini almaq uğrunda çalışacağıq”.

Milli Cəbhə Partiyasının rəhbəri Razi Nurullayev isə qeyd edib ki, o özü də namizədliyini irəli sürəcək:

“Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. Mən də seçkilərdə iştirak edəcək namizədlər arasındayam. Qismət olarsa, yenidən İmişlidən deputatlığa namizədliyimi irəli sürmək istəyirəm.

Seçkilərdə iştirak edəcək xeyli insanın şəxsiyyətini müəyyənləşdirmişik. Hazırda da bu prosesə davam edirik. Daha çox dairədə təmsil olunmaq üçün çalışacağıq. Hədəfimiz çox sayda dairəni əhatə etməkdir. Amma bu, üzvlərin iştirak həvəsindən və digər faktorlardan asılı olacaq”.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı