Azərbaycan və BƏƏ XİN başçıları müzakirə aparıblar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparılıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Bununla yanaşı, bölgəmizdə post-münaqişə dövründə köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması və yenidənqurma işlərində əsas təhdidlərdən biri olan ərazilərin minalanması problemi ilə mübarizə istiqamətində BƏƏ tərəfindən ANAMA-ya bu yaxınlarda 5 milyon ABŞ dollarında yardım göstərilməsininin vacibliyi vurğulanıb və buna görə qarşı tərəfə təşəkkür edilib. Göstərilən yardımın həmrəylik göstəricisi olduğu vurğulanıb.

Bakı Enerji Həftəsi çərçivəsində 4 iyun tarixində Neftçala və Biləsuvar elektrik stansiyasının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının, eləcə də SOCAR və BƏƏ-nin Masdar şirkəti arasında imzalanan üç bərpa olunan enerji layihələri üzrə Səhmdarlar Sazişinin iki ölkə arasında sərmayə sahəsində əməkdaşlığının genişlənməsinə müsbət töhfə verdiyi qeyd edilib.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri, ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tərəflər qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini çatdırıb, ən səmimi arzu və diləklərini bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR