"Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsinin Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr tərəfindən təntənəli şəkildə müşayiət olunması hörmətli qonağa göstərilən şərəf və ehtiramın təcəssümü idi".
Bu sözləri Metbuat.az-a açıqlamasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili, Pakistanın tanınmış beynəlxalq eksperti Qaiser Navab deyib. O bildirib ki, səfərin məqsədi mövcud əlaqələri dərinləşdirmək və yeni əməkdaşlıqlar yaratmaqdır.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslamabada iki günlük rəsmi səfəri Azərbaycan-Pakistan münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayır. Baş nazir Şehbaz Şərif tərəfindən dəvət olunan Prezident Əliyevin gəlişi iki qardaş xalq arasında dərin dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayır. İlham Əliyev ölkəmizdə böyük şərəf və təntənə ilə qarşılanıb".
Ekspert qeyd edib ki, daşqınlar və intensivləşən istilik dalğaları kimi iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan Pakistan, xüsusilə COP29-a ev sahibliyi edən Azərbaycana qlobal təbliğat dəstəyini nümayiş etdirir.
"Pakistan Qarabağla bağlı məsələlərdə Azərbaycanı qətiyyətlə dəstəklədiyi kimi, Azərbaycan da Kəşmir kimi kritik məsələlərdə həmişə Pakistanın yanında olub".
Qaiser Navab sonda vurğulayıb ki, bu səfər də Azərbaycan və Pakistan dostluğunun göstəricisidir.
"Prezident Əliyev və Pakistan liderləri arasında bir sıra səmərəli müzakirələr apararılıb. Diplomatik münasibətləri gücləndirməklə yanaşı, bu səfər sülhün, firavanlığın və davamlı inkişafın dəstəklənməsinə birgə sadiqliyimizi bir daha təsdiqləyir. Biz, Prezident İlham Əliyevin səfərinin müsbət nəticələrini səbirsizliklə gözləyirik, çünki bu, Azərbaycan və Pakistan arasında daha da dərin əməkdaşlığın, dostluq münasibətlərinin güclənməsini vəd edir”.
Seyranə Quliyeva / Metbuat.az