Qələbəyə aparan yolun təməli Tovuz döyüşlərindən keçdi - Arzu Nağıyev

2020-ci ilin iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Döyüşlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayıb.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev vurğulayıb ki, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Qaraqaya istiqamətində törətdiyi təxribat idi.

“Bura çox strateji əhəmiyyət kəsb edən ərazidir. Onlar həmin məntəqəni ələ keçirməklə Tovuz rayonu və kənar rayonların hamısını nəzarətdə saxlamağa cəhd edirdilər. Eyni zamanda, ərazidən keçən istər dəmir yolu, istərsə də avtomobil yolunu nəzarətdə saxlamağa çalışırdılar. Amma bu təxribatın qarşısı qətiyyətlə alındı”.

Millət vəkili deyir ki, bu döyüşlər İlham Əliyevin qətiyyətini, ordumuzun şəhadətini göstərdi. Vətən müharibəsindəki qələbəyə aparan yolun təməli məhz Tovuz döyüşlərindən keçdi. Tovuz döyüşləri iyulun 12-dən 23-nə kimi davam etdi. Bir ərazi itkisi belə olmadan Azərbaycan ordusu qələbə qazandı. Bu döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi qulluqçusu şəhid oldu. Biz bir daha gördük ki, eyni səngərdə general və əsgər əlində silahla döyüşür. Ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətləri olan və döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olan general Polad Həşimov və polkovnik İlqar Mirzəyev göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhramanı adını aldı:

“Tovuz döyüşlərində demək olar ki, heç bir rayon sakini o torpaqlardan çıxmadı və evlərini tərk etmədi. Azərbaycanın bütün nöqtələrindən istər yardım etmək, istərsə də vuruşmaq üçün vətəndaşlarımız Tovuza gəlməyə başladı. Hüquq mühafizə orqanları, xüsusi xidmət orqanları ilə birlikdə əllərində silah üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra etdilər”.

Arzu Nağıyev rayon sakini olan 76 yaşlı Əziz Əzizovun da öz evində şəhid olduğunu nəzərə çatdırdı. Millət vəkilinin sözlərinə görə ermənilərin minaatan və artileriya zərbələrindən Tovuz rayonun Ermənistanla sərhəd olan kəndlərinə, məktəblərinə və mülki obyektlərinə ciddi ziyan dəydi. Amma Prezidentin müvafiq tapşırığına uyğun olaraq həmin binalar, evlər, obyektlər bərpa olundu və sahiblərinə qaytarıldı.

“Bu çox mühüm bir döyüş idi. Ermənilər də başa düşdü ki, bu döyüşlər bir dərsdir və onların görəcəyi ağır günlər hələ qarşıdadır. Onlar həmin döyüşlərdə yüzdən artıq hərbçi itirdilər. Təxminən 2 ay keçdikdən sonra Azərbaycan ordusu cavab tədbirləri ilə 44 günlük müharibədə erməniləri məhv etdi və erməni ordusu tərəfindən yaradılan miflər darmadağın oldu. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Xankəndində lokal xarakterli anti-terror əməliyyatından sonra bayrağımız ucalıdı. Biz bir daha dünyaya göstərdik ki, Azərbaycan ordusu nələrə qadirdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” - deputat qeyd edib.

Mədinə Zaur \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı