İrəvan Britaniya görüşündən niyə imtina etdi? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən Azərbaycan və Ermənistan rəhbərləri arasında Münxen Təhlükəsizlik Konfransındakı formatda yeni bir görüşün keçirilməsi təklif edilmişdi. Lakin Ermənistan tərəfi bu cür bir görüşün keçirilməsindən imtina etdi. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

Ermənistan rəhbərliyini sözügedən görüşdən çəkindirən səbəblər nədən ibarətdir və Nikol Paşinyanın bu qərarı verməsində hansı güclərin rolu var? Ermənistan Qərbin vasitəçiliyi ilə Rəsmi Bakıyla görüşlərin keçirilməsini istəmirsə, bu, sülh prosesinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Metbuat.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Ermənistan baş nazirinin görüşdən imtina etməsinin bir neçə səbəbi ola bilər:

"Təbii ki, bu səbəblərdən birincisi Ermənistanın sülh prosesindən yayınması ilə bağlıdır. Çünki sülh müqaviləsinin imzalanması və davamlı olması üçün Azərbaycanın təqdim etdiyi prinsiplər ortadadır. Ermənistan öz konstitusiyasında dəyişikliklər etmədən, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədən, sülh müqaviləsinin imzalanması mümkün deyil.

Ermənistan konstitusiyasında "Müstəqillik Bəyannaməsi"nə istinad olaraq bildirilir ki, burada yer alan prinsiplər erməni xalqı və dövlətinin həyata keçirməli olduğu vəzifələrdir. Konstitusiyanın 5-ci bəndində qeyd olunur ki, Ermənistan konstitusiyası bütün digər hüquqi sənədlərdən yüksəkdə dayanır.

Əgər ərazi iddialarına son qoyulmadan Ermənistan ilə bu gün hər hansı bir müqavilə imzalanarsa, müəyyən bir vaxtdan sonra ya indiki hakimiyyət, ya yeni gələcək hansısa bir qüvvə konstitusiyanı əsas götürərək, həmin müqaviləni birtərəfli qaydada ləğv edə bilər, yaxud da müqavilədən çıxa bilər. Bu gün Ermənistanla sülh müqaviləsinin imzalanması o anlama gəlir ki, bu sənəd sadəcə kağız parçasından ibarət olacaq. Azərbaycana bölgədə davamlı sülh lazımdır. O sülh ki, nə vaxtsa Ermənistan tərəfi hansısa absurd iddialarla çıxış etməyəcək".

Politoloqun sözlərinə görə, Ermənistanın görüşdən imtina etməsində Britaniya faktoru da rol oynayır:

"İkinci faktor Ermənistanın Britaniyaya olan münasibətidir. Ermənistanın Avropa İttifaqında daha çox sığındığı ölkə Fransadır. Bəllidir ki, Fransa-Britaniya münasibətləri onsuzda yüksək səviyyədə deyil. Digər tərəfdən, Böyük Britaniya bütövlükdə bir sıra məslələrə münasibətdə Fransadan daha obyektiv mövqe sərgiləyir. Eyni zamanda, Fransanın Britaniya ilə Cənubi Qafqazda maraqları toqquşur.

Almaniyanın iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan ona görə iştirak etdi ki, Almaniya Fransa kimi açıq şəkildə Ermənistanı himayə etməsə də, qismən də olsa, müəyyən zaman kəsiklərində Ermənistanın irəli sürdüyü əsassız iddialara uyğun mesajlar verib. İndiki şəraitdə isə Böyük Britaniyanın bilavasitə ev sahibliyi ilə görüşün keçirilməsində Ermənistanın imtina etməsi bu ölkənin Fransa ilə bağlı mövqeyindən qaynaqlanır. Ermənistan indiki şəraitdə sülh gündəliyinin irəli aparılmasında maraqlı deyil".

Deputat Azər Badamov məsələ ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, Ermənistanın Oksfordda Britaniyanın Baş nazirinin Azərbaycanla görüşmək təklifindən imtina etməsinin kökündə üç əsas səbəb olduğunu hesab edir:

"Birinci səbəb bu təkilifin Britaniya tərəfindən təklif olunmasıdır. Ermənistan Azərbaycanla Britaniyanın yaxınlığını yaxşı bilir. Ona görə düşünüb ki, görüşdə Ermənistana təzyiq göstəriləcək və ona görə, imtina etdi.

İkinci səbəb isə Ermənistanın müstəqil dövlət olmamasıdır. Oksfordda Fransa prezidenti Emmanuel Makronla Nikol Paşinyanın görüşünün görüntüləri çox məsələlərin izahını verir. Yəni, Paşinyan Makrona təzim edir və onun qabağında əyilib, onun göstərişlərini diqqətlə dinləyir. Belə ki, Makron bu görüşə icazə vermədiyindən, Paşinyan razılaşa bilməyib. Həm də Qranada görüşündən Prezident İlham Əliyev imtina etdiyinə görə, Makron indi onun əvəzini çıxmaq üçün Paşinyana Oksfordda görüşdən imtina etmək tapşırığını verib. Paşinyan da Makronun sözündən çıxa bilmir".

Azər Badamov vurğulayıb ki, görüşdən imtinaya üçüncü səbəb Azərbaycanın dəyişilməz tələbi qarşısında cavab verməyə Paşinyanın hazır olmamasıdır:

"Dövlət başçımız süllh müqaviləsinin bağlanması üçün mütləq şəkildə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarından rəsmi şəkildə əl çəkməsini tələb edir. Bu, həm də beynəlxalq hüququn tələbidir. Ermənistan isə bu tələbi icra etməmişdir və görüşdə Prezident İlham Əliyev tərəfindən bu məsələ yenidən qaldıranda, nə cavab verəcəyini bilmir. Ona görə də, görüşdən imtina etdi.

Bu görüş Fransanın və Almaniyanın təşəbbüsü ilə olsaydı, Paşinyan sevə-sevə qatılacaqdı. Çünki, Makron olan yerdə Paşinyanın ayağı yer tutur. Amma cənab Prezident İlham Əliyevlə təkbətək görüşlərdə o, heç başını qaldıra bilmir. Bu səbəbdən, Britaniyanın Baş nazirinin təşəbbüsünü Paşinyan qəbul etmədi".

Seyranə Quliyeva / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı