Siqaretlərin qiyməti bahalaşır - Məbləğ

"10 ədəd siqaret üçün olan artım 7 qəpikdir. Bir ədədinə hesablasaq, 0.7 qəpik düşür. Bir qutuda 20 ədəd siqaret olduğunu nəzərə alsaq, bir qutuya artım 14 qəpikdir".

Metbuat.az xəbər verir ki, bunu bir sıra tütün məhsulları üçün aksiz dərəcələrinin artımını Oxu.az-a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Ekspert siqarlarla bağlı vəziyyətin başqa cür olduğunu qeyd edib:

"Siqarlarda bir ədədə görə artım 0.25 qəpikdir. 10 ədədlik qutunun artım qiyməti 2 qəpik yarım təşkil edir. Ona görə də siqarların qiymətində ciddi bir artım olmayacaq, amma siqaretin qiymətində 15-20 qəpik artım gözlənilir.

Birdəfəlik istifadə olunan elektron siqaretlər, qəlyan və onların əvəzedicilərindəki artımlar daha ciddidir.

Belə ki, onların aksiz dərəcəsi səkkiz dəfəyə qədər artırılıb. Onların qiymətində ən azı 2 manatlıq artım gözlənilə bilər".

"Siqaret istifadəçiləri bunu birmənalı qarşılamasalar da, siqaretin qiymətinin artmasının böyük ölçüdə faydaları daha çoxdur. İnsanlar bunu etiraf etməsələr belə, hər qiymət artımından sonra siqareti tərgidən insanların sayı artır. Bunu BMT və Azərbaycanın Dövlət Statistika Komitəsi də təsdiqləyir ki, kişilər arasında siqaret çəkənlərin sayında azalma tendensiyası var.

Dünyanın bir çox ölkələrində müəyyən yaşdan sonra insanlara siqaret satılması qadağan edilib. Siqaret yeganə məhsuldur ki, onun qiyməti artanda təəssüf yaşamıram", - deyə Eldəniz Əmirov əlavə edib.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edilib.

Dəyişikliyə görə, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı