Bu gün Əməkdar Jurnalist, Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd Elçin Mirzəbəyli Ağsu rayonunun Ərəbmehdibəy kəndində seçicilərlə görüşüb.
Metbuat.az bildirir ki, görüşdə deputatlığa namizədin vəkili Elçin Şahbazov onun tərcümeyi-halı, keçdiyi yol haqqında seçiciləri məlumatlandırıb.
Görüşdə çıxış edən, əslən Ağsu rayonunun Xəlilli kəndindən olan Əməkdar Jurnalist, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Elçin Mirzəbəylini 20 ildir ki, tanıdığını, müxtəlif konfranslarda, səfərlərdə birlikdə iştirak etdiklərini, onun seçicilərin etimadını qazanacağı təqdirdə üzərinə düşən missiyanı fədakarlıqla yerinə yetirəcəyini bildirib. İlham Quliyev deputatlığa namizəd Elçin Mirzəbəylinin peşəkar fəaliyyətindən söz açıb, onun məsuliyyətli, yüksək mənəvi keyfiyyətlərə malik bir insan olduğunu vurğulayıb və Ağsu seçicilərini onu dəstəkləməyə çağırıb.
Daha sonra çıxış edən deputatlığa namizəd Elçin Mirzəbəyli qeyd edib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var. Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd bildirib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun şəkildə həyata qurmalıdırlar.
Daha sonra deputatlığa namizəd seçki platformasının əsas istiqamətləri ilə bağlı seçicilərə məlumat verib, onların suallarını cavablandırıb.