Böyük Vətən müharibəsinin Masallı rayonundan olan sonuncu sağ qalan iştirakçısı vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, veteran Cənnət Teymurov 103 yaşında dünyasını dəyişib.
C.Teymurov yaşadığı Masallı rayonunun Viləş kəndində dəfn olunub.
Qeyd edək ki, Azərbaycan xalqı 1941-1945-ci illərdə faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.