Azərbaycan müxalifətində yenidən gərginlik

Azərbaycan müxalifətində yenidən gərginlik
21:41 19 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

AXCP sədri Əli Kərimli Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Böyük Azərbaycan Partiyası və Liberal-Demokrat Partiyasının bu il keçiriləcək parlament seçkiləri ilə bağlı görüş keçirilməsi təklifinə cavab verməyib.

ANS PRESS-in APA-ya istinadən məlumatına görə, AXP sədri Pənah Hüseyn açıqlamasında bildirib ki, görüş üçün müxalifətdə olduğunu elan edən bütün siyasi partiyalara, o cümlədən AXCP sədri Əli Kərimliyə də müraciət edilib.

Bu təşəbbüslə bağlı indiyədək Ədalət Partiyası, İslam Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Liberal Partiyası və Xalq Demokrat Partiyasının rəhbərliyi ilə görüşlər keçirdiklərini deyən P.Hüseyn AXCP-dən görüşə razılıq barədə cavab daxil olmadığını söyləyib. P.Hüseyn artıq parlament seçkiləri ilə bağlı müxalif partiyalarla məsləhətləşmələrin başa çatdığını da vurğulayıb.

AXCP sədrinin müavini Razi Nurullayev isə açıqlamasında deyib ki, normal görüşün keçirilməsində heç zaman problem olmur: “Amma predmetsiz və nəyəsə qulluq etməyən görüşün də nəyəsə faydası olmur. O baxımdan yəqin ki, bu cür qiymətləndirmə də nəzərə alınır”.

Qeyd edək ki, iki həftə əvvəl Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan 7 partiya 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərin ölkə və siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, vətəndaşlar üçün mühüm əhəmiyyətini nəzərə alaraq, seçkilərə hazırlıq və seçkilərin keçirilməsi prosesində əməkdaşlıq etmək niyyətini ifadə edib. Əməkdaşlığın dərəcəsi, sahə və istiqamətlərinin dəqiqləşdirilməsi sonrakı məsləhətləşmələrdə müəyyən ediləcək. Bu zaman ölkədə demokratik siyasi islahatların aparılması, o cümlədən demokratik seçki islahatının aparılması, seçkiqabağı şəraitin demokratikləşdirilməsi, parlament seçkiləri ilə bağlı fəaliyyətin koordinasiyası, demokratik qüvvələrin 2015-ci il parlament seçkilərində vahid koalisiya şəklində iştirakına nail olmaq məsələlərinin prioritetliyi nəzərdə tutulur.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR