Noyabrın 13-14-də COP29 çərçivəsində “Cambridge Institute for Sustainability Leadership" (Kembric Davamlılıq Liderliyi İnstitutu) və "Climate Action"ın birgə əməkdaşlığı ilə 16-cı dəfə təşkil olunacaq Davamlı İnnovasiya Forumu keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə "Cambridge Institute for Sustainability Leadership"ın saytında məlumat verilib.
Bildirilib ki, forum biznes, hökumət, şəhərlər, maliyyə və vətəndaş cəmiyyəti də daxil olmaqla, bütün sektorlardan qlobal davamlılıq liderlərini bir araya gətirəcək. Tədbirin məqsədi iqlim dəyişikliyi ilə mübarizədə daha irəli getmək üçün transformativ yenilikləri və real tədbirləri təşviq etməkdir.
Qeyd olunub ki, forum iqlim liderləri, yenilikçilər və sahə mütəxəssisləri ilə əlaqə qurmaq üçün geniş şəbəkələşmə imkanları təqdim edir və COP çərçivəsində iştirak üçün ideal bir fürsətdir.
Forumda çıxış edəcək şəxslər arasında Kaliforniya Ətraf Mühiti Qoruma katibi Yana Qarsiya, Bezos Yer Fondunun icraçı direktoru Andryu Stir və ABŞ Enerji Departamentinin icraçı ticarət direktoru Vanessa Çanın da adı var.